Diabetik neyropatiya nədir?
Dünya üzərində şəkər xəstələrinin, demək olar ki, yarısı bu xəstəliyi daşıdığından xəbərsizdir. Lakin onların hamısını narahat edən ortaq şikayətləri vardır. Bu dəfə Diabetik neyropatiya xəstələrinin şikayətlərinə və bu şikayətlərdən qurtulmağın yollarına diqqət çəkəcəyik.
Diabetik neyropatiya uzun müddət davam edən və nəzarət olunmayan şəkərli diabetin ağırlaşmalarından biridir. Neyropatiya sinir pozğunluğu və sinirlərin zədələnməsi kimi başa düşülür. Kiçik qan damarları bədənimizdəki sinirləri bəsləyir. Zaman keçdikcə qandakı yüksək qan şəkəri həmin damarları zədələməyə başlayır. Bu da öz növbəsində sinirlər üçün faydalı olan maddələrin onlara gəlib çatmamasına səbəb olur. Nəticədə sinir lifləri zərər görür, bəzi hallarda isə tamamilə yox olurlar.
Diabetik neyropatiyanın əlamətləri hansılardır?
Bu xəstələr, əsasən, ayaq, pəncə, qol və əl nahiyələrində aşağıda qeyd olunan narahatlıqlardan şikayətlənir:
- Ayaqaltı nahiyədə yanğı hissi, uyuşma, iynə batması, qarışqa gəzməsi
- Pəncədən baldıra doğru yayılan ağrı hissi (xüsusilə gecələr şiddətlənən)
- Koordinasiyanı itirmək, müvazinəti qorumaqda çətinlik
- Ağrı və isti-soyuq hissinin itirilməsi
Risk faktorları hansılardır?
Diabetik neyropatiyanın inkişaf riskini artıran bir neçə faktor vardır:
- Ailə tarixçəsi
- Nəzarətsiz qalan şəkərli diabet
- Siqaret və spirtli içkidən həddən çox istifadə
- Yüksək xolesterol
- Yüksək arterial təzyiq
Diabetik neyropatiyanı necə müalicə etməli?
Sinirlərimiz bir dəfə zərər gördüsə, onları bərpa etmək mümkün olmur. Diabetik neyropatiya nəzarətsiz qalarsa, ətrafların itirilməsinə gətirib çıxara bilər. Buna görə də simptomları hiss etdiyiniz halda peşəkar həkim-nevroloq müayinəsində olmağınız tövsiyə olunur.