Trigeminal nevralgiya nədir?
Trigeminal nevralgiya elə bir xəstəlikdir ki, xəstənin gündəlik yaşamını çətinləşdirir, zaman keçdikcə daha ciddi bir hal alır və xəstə adi fəaliyyətlərdə belə zorluq yaşayır. Belə ki, trigeminal nevralgiya üz əzələlərində eynitərzli şiddətli ağrılar halında özünü biruzə verir.
Trigeminal nevralgiya - trigeminal sinir haqqında
Trigeminal nevralgiya beyindən çıxan 12 cüt sinirin 5-cisi trigeminal sinirin tutulduğu zaman meydana gələn ağrılardır. Trigeminal sinir üçhissəlidir, bu sinirlər
- göz ətrafının;
- üst çənə və yanağın;
- alt çənənin
hissini ötürür.
Üçüncü sinir həm də bəzi çeynəmə əzələlərinin hərəkətinə nəzarət edir. Trigeminal nevralgiya zamanı ən çox müşahidə olunan hal üst çənə və yanağın, həmçinin alt çənənin tutulmasıdır. Hər üç sinirin eyni zamanda tutulduğu hallar da müşahidə olunmaqdadır.
Trigeminal nevralgiya niyə olur və əlamətləri nələrdir?
Trigeminal nevralgiyanın ortaya çıxma səbəbləri müxtəlifdir (qocalma, multipl skleroz, üz travması, cərrahi yaralanmalar, insult və s. səbəblərdən).
Ağrı necə başlayır? Xəstə küləkli havalarda gəzərkən, dişlərini fırçaladıqda, bəzən gülümsədikdə, qidalandıqda, makiyaj etdikdə və s. - sadə gündəlik hərəkətlərdə belə bir anda şiddətli ağrını hiss edə bilər.
Trigeminal nevralgiyanın əlamətləri
Sadalanan əlamətlərdən yalnız biri və ya bir neçəsi eyni anda özünü göstərir:
- üzdə uyuşma və qıcıqlanma hissinin olması,
- üzdə yanma,
- ümumi olaraq üz bölgəsində həssaslıq,
- ağrı göz, burun, yanaqlar, ağız hissədə özünü göstərə bilir,
- anidən ortaya çıxan bu ağrılar bir neçə saniyədən bir neçə dəqiqəyə qədər çəkə bilir, bəzən həddindən çox şiddətli hiss olunur.
Müalicə zamanı ağrını azaltmağa yönələn dərman preparatlarından istifadə olunur. Ümumi olaraq, digər nevroloji xəstəliklərdə olduğu kimi trigeminal nevralgiya əlamətləri də görülən zaman ilkin mərhələdə nevroloqa müraciət etmək lazımdır. Bu həm ağrıların, həm də xəstəliyin gedişatının şiddətlənməsinin qarşısını alır.