“ Kəkələmə nədir? “ sualına ilk olaraq aydınlıq gətirməyimiz lazımdır. Çoxumuzun da bildiyi kimi, kəkələmə dedikdə eyni heca və ya sözlərin təkrarlanması başa düşülür.
Adətən, uşaqlıqda başlayan bu problem başqa insanlarla ünsiyyət qurmaqda maneələr yaradır və nitqin aydınlığını pozur.
Kəkələmə əlamətləri özünü necə göstərir?
Uşaqların 2-6 yaşlarında və ya bir az sonra meydana gələ bilən bu problem əgər müdaxilə olunmazsa, böyüdükdə də davam edə bilər. Bəs kəkələmə əlamətlərini valideynlər necə aşkar edə bilər?
- Danışarkən bir sonrakı sözü deməkdə çətinlik çəkmə;
- Sözlərin, hecaların təkrarlanması;
- Danışmağa başlayanda cümlənin ilk sözünü səsləndirmədə çətinlik;
- Danışmaqdan imtina etmək və ya danışarkən həddindən çox həyəcanlanmaq, bu, nitqin təmizliyinə mane olur
- Bir sözü və ya söz içərisində bəzi səsləri həddindən çox uzatmaq və s.
Sadalanan bu kəkələmə əlamətləri ilə yanaşı bir neçə mimik də prosesə təsir edir:
- baş hərəkətləri
- çənənin və dodaqların titrəməsi
- tez-tez gözqırpma
Kəkələmənin müalicəsi və kəkələmə problemini aradan qaldırma yolları
Bu problemin asanlıqla aradan qaldırılması üçün professional müdaxilənin tez olması vacibdir. Bəzən kəkələmə əlamətləri heç ortadan qaldırıla bilinməyəcək qədər mürəkkəb olsa da, mütəxəssis yardımı ilə bu əlamətlərin nisbətən yumşaldılması və ya bir neçəsinin aradan qaldırılması mümkündür.
Nəzərə almaq lazımdır ki, böyük insanlarda da müəyyən yaşdan sonra kəkələmənin meydana gəldiyini görmək olur (hər hansı şiddətli hadisənin təsirindən, yüksəksəviyyəli həyəcan keçirdiyi zamanlarda və s.). Bu zaman həmin şəxslərə fərdi yanaşma, tibbi-psixoloji kompleks yardım planı tətbiq olunmalıdır.
Kəkələmənin aradan qaldırılması üçün müalicə həyata keçirildikdən sonra əvvəllər bu problemi yaşayan fərdlər artıq daha rahat və sakit danışmağa, sosial fəaliyyətlərdə aktiv iştiraka can atır, həmçinin insanlarla ünsiyyətin zəruri olduğu mühitlərə daxil olmaqdan çəkinmirlər.